şənbə 11 aprel 2026 - 02:07
Müqavimət son nəfəsədək davam edəcək! Məsul şəxslərdən əsassız güzəştlərə son qoymalarını tələb edirik

Hövzə | Hizbullahın baş katibi Şeyx Nəim Qasim Livanın müxtəlif bölgələrində yaşayan səbirli və mətanətli ailələrə, o cümlədən kişi, qadın, uşaq və mücahidlərdən olan əziz şəhidlərin uca məqama yüksəlməsi münasibətilə başsağlığı verərək, uca Allahdan onlar üçün rəhmət diləyib.

Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun verdiyi məlumata görə, Hizbullahın baş katibi Şeyx Nəim Qasim Livanın mətin və fədakar xalqına ünvanladığı bəyanatda bildirib:

O, Livanın müxtəlif bölgələrində yaşayan səbirli və mətanətli ailələrə, o cümlədən kişi, qadın, uşaq və mücahidlərdən olan əziz şəhidlərin uca məqama yüksəlməsi münasibətilə başsağlığı verərək, uca Allahdan onlar üçün rəhmət diləyib. O, vurğulayıb ki, onların pak qanı cinayətkar ABŞ və İsrail ilə mübarizədə əldə olunan izzət və qələbənin əsas amillərindən biridir. Eyni zamanda yaralılara Allahdan tezliklə şəfa, ailələrə isə səbir, möhkəm iradə və müvəffəqiyyət arzulayıb.

Şeyx Qasim əlavə edib ki, cinayətkar İsrail döyüş meydanında müqavimətin cəsur qəhrəmanları ilə üzləşməkdə aciz qalıb və dəfələrlə bəyan etdiyi kimi quru əməliyyatlarını həyata keçirə bilməyib. Onun sözlərinə görə, düşmənin əsgər və zabitləri mücahidlərin pusqularında məhv edilib, hərbi texnikası isə şəhər və kəndlərin girişlərində darmadağın olunub.

O bildirib ki, düşmən bir neçə dəfə öz məqsədlərini dəyişməyə məcbur qalıb. Bəzən Litani çayına çatmağı, bəzən də məhdud irəliləyişi, digər hallarda isə atəş gücü və dağıntılar vasitəsilə nəzarəti hədəfləyib. Lakin qırx gün davam edən təcavüz müddətində o, yaxın və uzaq yaşayış məntəqələrinə, o cümlədən Hayfa və daha uzaq ərazilərə yönələn raket, minaatan və pilotsuz uçuş aparatlarının zərbələrinin qarşısını ala bilməyib.

Hizbullahın baş katibi vurğulayıb ki, düşmən müqavimətin taktikası, mücahidlərin yüksək manevr qabiliyyəti, müdafiə potensialı və misilsiz şücaəti qarşısında heyrətə düşüb. O qeyd edib ki, yüz minlərlə İsrail əsgəri toplansa belə bizim ərazilərimizi işğal edə bilməyəcəkdir. Əksinə, bu addım onların məhvinə gətirib çıxaracaqdır. Meydanda qalan qüvvələr isə davamlı qorxu və təşviş içindədir. Onlar nə vaxt öldürüləcəklərini, əsir düşəcəklərini və ya geri çəkilmə əmri veriləcəyini bilmirlər. Bunun əsas səbəbi isə onların ölkənin cənub bölgəsinin rəşadətli, səxavətli və şəhidlər yetişdirən torpağında möhkəmlənmək gücünə malik olmamalarıdır.

O bildirib ki, artıq qırx gündür düşmən ardıcıl məğlubiyyətlərə məruz qalır. İsrailin bəzi şəhərlərində artıq qorxu və vahimə hökm sürür, planlar iflasa uğrayıb, məsul şəxslər isə hər gün yüksək səslə hədələr səsləndirsələr də bu çıxışlar heç bir real nəticə vermir.

Şeyx Qasim vurğulayıb ki, düşmən çərşənbə günü Beyrutda, Zahiyə bölgəsində, Cənub bölgəsində, Bəqada, Cəbəl-Lübnanda (Livan) və digər ərazilərdə sıx məskunlaşmış məhəllə, şəhər və kəndləri hədəfə alaraq mülki əhaliyə qarşı qanlı cinayətlər törədib və bununla da döyüş meydanındakı acizliyini gizlətməyə çalışıb. Lakin Livan xalqı düşmənin təsəvvür etdiyindən qat-qat güclü və mətindir. Didərgin düşənlər yüksək mənəvi ruh və qürur nümunəsi sərgiləyib, onlara sığınacaq verənlər isə humanizm və vətəndaşlıq baxımından ən ali örnəklər ortaya qoyublar. Mücahidlər isə cəbhələrdə sarsılmaz sədd kimi dayanaraq sionistlərin bütün xülyalarını puça çıxarıblar.

O qeyd edib ki, müqavimət son nəfəsədək davam edəcək və gənclərin böyük şövqlə meydanlara axışması, bu meydanları tərk etməməsi ümid və izzətin bariz təzahürüdür. Bu fədakarlıqlar vətənin azadlığına və milli ləyaqətin qorunmasına bağlılığı daha da möhkəmləndirir. Biz heç vaxt əvvəlki vəziyyətə qayıtmayacağıq və məsul şəxslərdən əsassız güzəştlərə son qoymalarını tələb edirik.

Şeyx Qasim vurğulayıb ki, biz birlikdə, o cümlədən dövlət, ordu, xalq və müqavimət olaraq ölkəmizi qoruyacaq, onun suverenliyini bərpa edəcək və işğalçıları torpaqlarımızdan qovacağıq. Təhdidlər və silahlar bizi qorxutmur. Çünki bu torpağın əsl sahibləri bizik və onların məqsədlərinin qarşısını almaq üçün kifayət qədər iman, iradə və gücə sahibik. Uca Allah mücadilə surəsi, 21-ci ayədə belə buyurur:

كَتَبَ اللَّهُ لَأَغْلِبَنَّ أَنَا وَرُسُلِي ۚ إِنَّ اللَّهَ قَوِيٌّ عَزِيزٌ

Allah (lövhi-məhfuzda): “Mən və peyğəmbərlərim mütləq qalib gələcəyik!” - deyə yazmışdır. Allah güclüdür, qüdrətlidir.

Müqavimət son nəfəsədək davam edəcək! Məsul şəxslərdən əsassız güzəştlərə son qoymalarını tələb edirik

Şeyx Nəim Qasim

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha